
Tacikistanda dini ekstremizmlə əlaqələndirilən bəzi geyim və xarici görünüş elementlərinə qanunvericilik səviyyəsində qadağa qoyulub.
Realmedia.info xəbər verir ki, Nuz.uz-un yaydığı məlumata görə, ölkə hökuməti dini ekstremizmlə assosiasiya olunan saqqalın saxlanılmasının, qara hicab və ərəb üslubunda geyimlərin istifadəsinin milli ənənələrə uyğun gəlmədiyini əsas gətirərək müvafiq qərar qəbul edib.
Bildirilib ki, görülən tədbirlər dini radikalizm və ekstremizmlə mübarizəyə yönəlib. Hüquq-mühafizə orqanları qadağanın icrasına nəzarəti gücləndirib, əhali arasında isə maarifləndirmə işləri aparılır.
Rəsmi qurumlar qeyd edirlər ki, qəbul olunan qərarlar milli kimliyin və mədəni dəyərlərin qorunmasına xidmət edir. Xüsusilə "Tacik mədəniyyətinə yad" hesab edilən geyimlərin ölkəyə gətirilməsi və istifadəsinə qarşı nəzarətin artırıldığı vurğulanır.
Yerli hakimiyyət orqanları qadınları ənənəvi tacik geyimlərinə üstünlük verməyə çağırıb. Eyni zamanda, saqqal saxlayan kişilərə də saqqallarını qırxmaları tövsiyə olunub.