
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizdə baş verən bədbəxt hadisə faciə ilə nəticələnib.
Realmedi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hövsan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə dörd nəfərin batması barədə məlumat daxil olub.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərhal axtarış-xilasetmə əməliyyatına başlayıblar.
Operativ müdaxilə nəticəsində 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova sağ-salamat xilas ediliblər.
Axtarışlar zamanı isə 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara bir daha müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəzarətsiz və qeyri-çimərlik ərazilərdə dənizə girməməyə, həmçinin küləkli hava şəraitində çimməkdən çəkinməyə çağırıb.