
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvlərinin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunu imzalayıb.
Rusiya KİV-in məlumatına görə, yeni qanuna əsasən, əcnəbi vətəndaş özünü və onunla birlikdə Rusiyada yaşayan himayəsindəki ailə üzvlərini regional əmsal nəzərə alınmaqla müəyyən edilən yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir.
Qanunda bildirilir ki, miqrantın gəliri müəyyən edilmiş minimum səviyyədən aşağı olarsa, onun əmək patentinin və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər.
Bu halda, ailənin Rusiyada qalması üçün başqa qanuni əsas yoxdursa, miqrant və onun yetkinlik yaşına çatmayan övladları 15 gün ərzində ölkəni tərk etməli olacaqlar.
Yeni qaydalara əsasən, əmək miqrantlarının uşaqları yalnız valideynlərinin əmək patenti və ya iş icazəsi qüvvədə olduğu müddətdə Rusiyada qala biləcəklər.
Bundan əlavə, 18 yaşına çatan miqrant övladları 30 gün ərzində ya Rusiyanı tərk etməli, ya da fərdi əmək patenti almaq üçün müraciət edərək qanunvericilikdə nəzərdə tutulan vergi üzrə avans ödənişini həyata keçirməlidirlər. Bu tələb yalnız Rusiyada qalmaq üçün başqa qanuni əsasları olan şəxslərə şamil edilməyəcək.
Məlumata görə, yeni qanunun 2026-cı il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.