
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Realmedia.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə tam söndürülüb.
Eyni zamanda, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, hadisə ilə əlaqədar sürücülərin təhlükəsizliyinin təmin olunması məqsədilə "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Xatırladaq ki, daha əvvəl paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş vermiş, hadisə səbəbindən yol polisi tərəfindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılmışdı.
Hazırda ərazidə vəziyyət tam nəzarət altındadır.