
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin açıqlamalarına münasibət bildirərək Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri və İordaniyanı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak etməkdə ittiham edib.
Bəqai "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda bildirib ki, əgər ABŞ tərəfindən səsləndirilən iddialar həqiqəti əks etdirmirsə, adı hallanan ölkələr bunu rəsmi və şəffaf şəkildə təkzib etməlidirlər.
İran XİN sözçüsünün sözlərinə görə, Tehran ABŞ hərbi bazalarına və obyektlərinə endirdiyi zərbələri ölkəsinin qanuni özünümüdafiə hüququ çərçivəsində həyata keçirib. O qeyd edib ki, bu addımın məqsədini şübhə altına almaq əsassız yanaşmadır.
İsmayıl Bəqai vurğulayıb ki, hər hansı ölkənin öz ərazisini ABŞ-ın İrana qarşı hərbi əməliyyatları üçün istifadə etməsinə imkan verməsi həmin dövləti bu təcavüzün şərikinə çevirir və mehriban qonşuluq prinsiplərinə ziddir.
O, həmçinin bildirib ki, İranın özünümüdafiə hüququndan istifadə etməsi regionda təhlükəsizliyin və sabitliyin bərpası baxımından zəruri addım hesab olunur.
Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir. Həmin ölkələr tərəfindən İran rəsmisinin bu açıqlamalarına münasibət hələlik açıqlanmayıb.