
Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq artıq təkcə enerji sektoru ilə məhdudlaşmır. Son illərdə logistika, yaşıl enerji, rəqəmsal transformasiya və yüksək texnologiyalar iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib.
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Realmedia.info-ya açıqlamasında səsləndirib.
Deputat bildirib ki, Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi mühüm strateji prioritetlərdən biridir və bu baxımdan Azərbaycanın rolu getdikcə artır.
Onun sözlərinə görə, Azərbaycan qazının Almaniya bazarına daxil olması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsas göstəricilərindən biridir. Xüsusilə SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olacaq uzunmüddətli qaz tədarükü müqaviləsi enerji əməkdaşlığının əsas sütunlarından hesab olunur.
Deputat qeyd edib ki, Azərbaycanın Avropaya qaz ixracının 2027-ci ilədək ən azı 20 milyard kubmetrə çatdırılması hədəflənir. Bununla yanaşı, enerji əməkdaşlığı artıq yalnız təbii qaz ixracı ilə məhdudlaşmır, yaşıl enerji, hidrogen texnologiyaları və rəqəmsal bağlantılar da strateji gündəliyin mühüm hissəsinə çevrilib.
Pərvanə Vəliyeva diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri Almaniya şirkətləri üçün də yeni əməkdaşlıq imkanları yaradır. Onun sözlərinə görə, alman şirkətləri xüsusilə yüksək texnologiyalar və "yaşıl enerji" layihələrində iştirak etməyə maraq göstərirlər.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyanın aparıcı sənaye və biznes dairələrinin nümayəndələri ilə keçirdiyi görüşlər qarşılıqlı investisiyaların artırılması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin reallaşdırılması baxımından mühüm platforma rolunu oynayır.
O xatırladıb ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu isə Almaniyanın texnoloji potensialı ilə Azərbaycanın zəngin enerji resurslarının birləşdirilməsi üçün geniş imkanlar yaradır.
Deputatın sözlərinə görə, Almaniya sənayesi üçün Orta Dəhliz Mərkəzi Asiya bazarlarına çıxış və kritik xammal tədarükünün şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bu marşrutun əsas logistika mərkəzlərindən biri olmaqla yanaşı, Avropanın "Global Gateway" strategiyasında etibarlı tərəfdaş kimi çıxış edir.
Pərvanə Vəliyeva bildirib ki, "Deutsche Bank", "Siemens", "Thyssen" və "Mercedes-Benz" kimi Almaniyanın aparıcı şirkətləri ilə uzun illərə söykənən əməkdaşlıq bu gün yeni investisiya layihələri və sənaye kooperasiyası ilə daha da genişlənir.
Deputat hesab edir ki, Almaniyanın qabaqcıl sənaye və texnoloji imkanlarının Azərbaycanın enerji resursları və bərpaolunan enerji potensialı ilə birləşdirilməsi gələcək illərdə iki ölkə arasında strateji tərəfdaşlığın əsas inkişaf istiqamətlərindən biri olacaq. Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən yüzlərlə alman şirkətinin mövcudluğu da iqtisadi əməkdaşlığın real miqyasını və qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir.