
Sosial şəbəkələrdə "Vital Hospital"la bağlı yayılan iddialar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırılır.
Realmedia.info xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nazirliyin diqqətindədir və məsələ ilə bağlı araşdırmalara başlanılıb. Eyni zamanda, hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Nazirlikdən qeyd olunub ki, araşdırmanın nəticələrindən asılı olaraq ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə zərərçəkən olduğunu bildirən şəxs "Vital Hospital"da ölü doğulan körpəsinin meyitinin morqa deyil, xəstəxananın zirzəmisinə atıldığını iddia edib. Onun sözlərinə görə, hamiləlik dövründə mütəmadi müayinə və müalicə almasına baxmayaraq, körpə ölü doğulub.
Məsələ ilə bağlı Oxu.Az klinikanın mövqeyini öyrənməyə çalışıb. Bildirilir ki, xəstəxananın rəsmi əlaqə nömrəsinə edilən zənglər cavabsız qalıb. Telefonu cavablandıran əməkdaş sonradan əlaqə saxlanılmasını istəsə də, növbəti zənglərə cavab verilməyib.
Hazırda hadisə ilə bağlı rəsmi araşdırma davam edir. İddiaların doğru olub-olmaması aparılan araşdırmanın nəticələrindən sonra məlum olacaq.:::