
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (KTM) ağır xəstələrin daşınması üçün istifadə olunduğu iddia edilən xərək (katalka) ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
Yayılan paylaşımlarda katalkanın tibbi standartlara cavab vermədiyi, PVC plastik boruların birləşdirilməsi ilə hazırlandığı iddia edilib.
Məsələ ilə bağlı TƏBİB rəsmi açıqlama yayaraq yayılan iddialara münasibət bildirib.
Qurumun məlumatına görə, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan sözügedən təkərli xərək xəstələrin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı təhlükəsiz şəkildə daşınması və müayinə aparatına yerləşdirilməsi üçün xüsusi təyinatla hazırlanıb.
Açıqlamada qeyd olunub ki, MRT cihazlarının güclü maqnit sahəsi səbəbindən bu müayinələr zamanı adi metal katalkalardan istifadə mümkün deyil. Bu səbəbdən həmin avadanlıqlar maqnit sahəsinə reaksiya verməyən xüsusi materiallardan, o cümlədən plastik əsaslı konstruksiyalardan hazırlanır.
TƏBİB bildirib ki, görüntülərdə əks olunan katalkanın plastik borulardan hazırlanması tibbi təhlükəsizlik tələblərindən irəli gəlir və bu, hər hansı texniki qüsur və ya standart pozuntusu anlamına gəlmir.
Qurumun açıqlamasında vurğulanıb ki, bu cür həllər dünya təcrübəsində də geniş tətbiq olunur və aşağı büdcəli, eyni zamanda təhlükəsiz və funksional alternativlərdən biri hesab edilir.
Beləliklə, TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərin yanlış təəssürat yaratdığını bildirərək, sözügedən katalkanın MRT müayinələri üçün beynəlxalq təhlükəsizlik prinsiplərinə uyğun istifadə edildiyini diqqətə çatdırıb.