
Azərbaycanda işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi **"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"**nda öz əksini tapıb.
Sənədə əsasən, əsas məqsəd süni intellekt texnologiyalarından istifadə edən vətəndaşların sayını artırmaq, məşğulluq xidmətlərini daha əlçatan və səmərəli etməkdir. Bu istiqamətdə müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.
Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə "Peşələr üzrə elektron atlas" informasiya sisteminin də yaradılması planlaşdırılır. Yeni sistem işsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr barədə bilik və bacarıqlarını artırmağa, onlara uyğun karyera imkanlarını müəyyənləşdirməyə xidmət edəcək.
Proqramın icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.