
mygov üzərindən vətəndaşlara təqdim olunan xidmətlərin əhatə dairəsi genişləndirilib.
Məlumata görə, illik istifadə sayı 320 mini ötən bir sıra xidmətlər artıq Elm və Təhsil Nazirliyi ilə inteqrasiya olunaraq platformaya əlavə edilib.
Yeni inteqrasiya olunan təhsil xidmətləri aşağıdakılardır:
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı (illik 60 000 nəfərə qədər)
Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı (illik 14 000 nəfərə qədər)
Rezidentura səviyyəsinə qəbul olunanların qeydiyyatı (illik 600 nəfərə qədər)
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı (illik 24 000 nəfərə qədər)
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu (illik 225 000 nəfərə qədər)
Qeyd edilib ki, bu xidmətlər növbəti tədris ilindən etibarən “mygov” platforması üzərindən istifadəçilərə əlçatan olacaq.
Vətəndaşlar platformanın “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi”, yaxud “Sahələr” bölməsindən “Təhsil” seçərək müvafiq xidmətlərə daxil ola biləcəklər.
Yeni addımın məqsədi dövlət xidmətlərinin vahid rəqəmsal platformada daha sürətli, şəffaf və əlçatan şəkildə təqdim olunmasını təmin etməkdir.