
Almaniyanın Nürnberq hava limanında növbə üstündə baş verən kütləvi dava nəticəsində 11 sərnişin planlaşdırılan uçuşdan kənarlaşdırılıb.
Realmedia.info xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, insident hava limanının terminalında qeydə alınıb. İki qrup arasında yaranan mübahisə qısa müddətdə böyüyərək kütləvi davaya çevrilib. Hadisəyə ümumilikdə 20-yə yaxın şəxs cəlb olunub.
İddialara əsasən, 29 yaşlı Türkiyə vətəndaşı 43 yaşlı həmvətəninin üzünə zərbə endirib. Bundan sonra tərəflər arasında əlbəyaxa dava başlayıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hüquq-mühafizə orqanları dava iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib, həmçinin təhlükəsizlik kameralarının görüntülərini araşdırmaq üçün götürüblər.
Polisin açıqlamasına görə, davada iştirak edən 11 nəfər təhlükəsizlik qaydalarını pozduqları üçün uçmalı olduqları reysdən kənarlaşdırılıb.
Hazırda faktla bağlı araşdırma Nürnberq hava limanının sərhəd polisi tərəfindən davam etdirilir.