
Bakının Xətai rayonu, Gəncə prospektində baş verən torpaq sürüşməsi ilə bağlı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Realmedia.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri hadisə yerinə baxış keçirərək təhlükəli ərazini mühafizə lentləri ilə bağlayıblar.
FHN-dən bildirilib ki, cari ilin 11 aprel tarixində intensiv yağıntılar nəticəsində həmin ərazidə torpaq uçqunu baş verdikdən sonra istinad divarının tikilməsi ilə bağlı qərar qəbul olunub. Bunun üçün zəruri sənədləşdirmə işləri aparılıb və layihə hazırlanıb. Tikinti işlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır.
Nazirlik yaxınlıqda yaşayan vətəndaşlara torpaq sürüşməsi baş vermiş əraziyə yaxınlaşmamağı və həmin hissədən avtomobil dayanacağı kimi istifadə etməməyi tövsiyə edib.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə, yaşayış binasından 24-25 metr məsafədə yerləşən yamacın 28-30 metrlik hissəsində sürüşmə qeydə alınıb. Mütəxəssis bildirib ki, torpaq qatının islanması nəticəsində yamacın dayanıqlığı zəifləyib və təxminən 4,5-5 kubmetr həcmində torpaq kütləsi aşağıya doğru hərəkət edib.
Xatırladaq ki, sürüşmə nəticəsində ərazidə park edilmiş bir neçə avtomobil torpaq altında qalıb.
Hazırda hadisə yerində vəziyyət aidiyyəti dövlət qurumlarının nəzarətindədir və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.