
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.
Realmedia.info xəbər verir ki, dövlət başçısına yarımstansiya barədə məlumatı "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev təqdim edib.
Bildirilib ki, layihə Cəbrayıl rayonunda inşa edilən 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının ölkənin vahid enerji sisteminə inteqrasiyasını və Səngəçal terminalının bərpaolunan enerji ilə təmin olunmasını nəzərdə tutur. Layihə "AzərEnerji" ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Məlumata görə, "Yeni Səngəçal" yarımstansiyasının istifadəyə verilməsi ilə terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayılda istehsal edilən günəş enerjisi ölkənin vahid enerjisistemi vasitəsilə Səngəçal terminalına ötürüləcək.
Layihə çərçivəsində terminalın illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisinə olan tələbatı bərpaolunan enerji hesabına ödəniləcək. Bunun nəticəsində hər il 120–150 milyon kubmetr təbii qaza qənaət olunacaq, karbon emissiyaları isə 260–330 min ton azalacaq.
Ümumi sahəsi 6,5 hektar olan yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti vasitəsilə ölkənin enerji sisteminə qoşulub. Enerji təchizatı isə "Cənub" və "Qobu" elektrik stansiyaları, həmçinin 500 kV-luq "Abşeron" yarımstansiyası olmaqla üç müstəqil mənbədən təmin edilir.
Bundan başqa, yarımstansiyadan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan beş 110 kV-luq hava-kabel xətti çəkilib. Növbəti mərhələdə daha iki belə xəttin inşası planlaşdırılır.
Qeyd edək ki, yarımstansiyada müasir rəqəmsal idarəetmə panelləri, SCADA sistemi və İdarəetmə Mərkəzi quraşdırılıb. Müasir texnologiyaların tətbiqi enerji təchizatının etibarlılığını və dayanıqlılığını daha da artırılacaq.



