
Şabran rayonunda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Realmedia.info xəbər verir ki, hadisə rayonun Çölquşçu kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Tərxan Mirzəyev tanışı Orxan Ağayevi (soyadlar şərtidir - red.) bıçaqlayıb.
Məlumata görə, tərəflər arasında yaranan mübahisə zamanı T.Mirzəyev avtomobilində olan xəncərlə Orxana xəsarət yetirib. Daha sonra yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərxan Mirzəyev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq əldə olunub. Məhkəmənin hökmü ilə T.Mirzəyev 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzası şərti hesab edilib.