
Maqnit qasırğalarının insan sağlamlığına birbaşa təsir göstərdiyini sübut edən kifayət qədər elmi dəlil hələ də mövcud deyil. Bununla belə, bəzi insanlar geomaqnit aktivliyin artdığı günlərdə özlərini narahat hiss etdiklərini bildirirlər.
Realmedia.info xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Marina Konstantinova "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, maqnit qasırğaları Günəşdə baş verən güclü emissiyalar nəticəsində Yer kürəsinin maqnit sahəsində yaranan dalğalanmalardır. Günəşdən gələn istilik, işıq və enerji axınları Yer atmosferinə çatdıqda qoruyucu maqnit sahəsi ilə toqquşur və nəticədə geomaqnit dəyişiklikləri meydana gəlir.
Marina Konstantinova qeyd edib ki, geomaqnit aktivliyin yüksəldiyi dövrlərdə ürək-damar sistemi ilə bağlı şikayətlərin sayında müəyyən artım müşahidə olunur. Bəzi insanlar başağrısı, halsızlıq, əsəbilik, yuxusuzluq və ya iş qabiliyyətinin azalması kimi simptomlardan şikayət etsələr də, "meteohəssaslıq" tibbdə rəsmi diaqnoz kimi qəbul edilmir.
Mütəxəssis bildirib ki, bəzi hallarda insanların özlərini pis hiss etməsi "nosebo" effekti ilə əlaqəli ola bilər. Bu zaman şəxs günəş aktivliyi və ya maqnit qasırğaları ilə bağlı xəbərləri oxuduqdan sonra həmin məlumatların təsiri altında müxtəlif simptomlar hiss etməyə başlayır.
Həkim maqnit qasırğaları dövründə xüsusilə yaşlı insanlara, hamilə qadınlara və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, bu günlərdə təmiz havada gəzmək, ağır fiziki yüklənmədən uzaq durmaq və kifayət qədər istirahət etmək vacibdir.
Bundan başqa, qidalanmaya da xüsusi diqqət yetirilməsi məsləhət görülür. Yağlı, duzlu və ədviyyatlı qidalardan, eləcə də spirtli içkilərdən uzaq durmaq, rasiona daha çox meyvə və tərəvəz daxil etmək tövsiyə olunur. Həkim maye balansının qorunmasının da orqanizmin xarici təsirlərə qarşı müqavimətini artırdığını vurğulayıb.