
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə görüşləri başlayıb.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən rəsmi şəkildə qarşılanıb.
Səfər çərçivəsində nazirlər birlikdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak Olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edərək abidə önünə əklil qoyub, ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad ediblər.
Rəsmi qarşılanma mərasimindən sonra Ceyhun Bayramov və Andrey Sibiqa Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında təkbətək görüş keçirilir.
Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələlərin müzakirə olunacağı gözlənilir.





