
İranın Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə Biləsuvar Gömrük İdarəsinə səfəri zamanı Azərbaycanla ticarət əlaqələrinə dair açıqlamalar verib.
Realmedia.info xəbər verir ki, "Azad İran" "Telegram" kanalının yaydığı məlumata əsasən, vali ilin ilk beş ayında Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə Azərbaycan və İran arasında ümumilikdə 190 milyon ABŞ dolları həcmində ixrac-idxal əməliyyatının həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Ərdəbil əyalətindən 100 milyon dollardan artıq məhsul ixrac olunub. Bununla yanaşı, istehsal müəssisələrinin ehtiyaclarının ödənilməsi məqsədilə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib.
Məsud Emami Yeganə qeyd edib ki, İran və Azərbaycanın gömrük xidmətləri arasında aparılan danışıqlar çərçivəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi ilə bağlı razılığın əldə olunması istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, bu addım sərhəd-keçid prosesini sürətləndirəcək və iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına şərait yaradacaq.
Ərdəbil valisi həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iranlı iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfərinin həyata keçirilməsi planlaşdırılır.