
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların aparıldığını açıqlayıb.
Realmedia.info xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, İran bunu açıq şəkildə etiraf etməsə də, tərəflər arasında məsləhətləşmələr davam edir.
"Onlar görüş istəyirlər, bəzilərinin dediyi kimi, yalvarırlar. Danışıqlar başlayır və yaxın gələcəkdə onların davam etdirilməsi planlaşdırılır. Lakin onlar açıq şəkildə bildirirlər ki, heç bir məsləhətləşmə aparmırlar və yalnız Omanla əlaqə saxlayırlar", – deyə Tramp qeyd edib.
O əlavə edib ki, İran bunu etiraf edib-etməməsindən asılı olmayaraq, tərəflər uzun illərdir davam edən problemlərin həlli ilə bağlı müzakirələr aparırlar.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır:
"İran heç vaxt nüvə silahına sahib olmayacaq", – deyə Donald Tramp bildirib.