
ABŞ Prezidenti Donald Tramp İrana mayın 19-na planlaşdırılan hücumdan imtina etdiyini açıqlayıb.
Realmedia.info xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” platformasında paylaşım edib.
Tramp bildirib ki, Qətər əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ondan İrana qarşı planlaşdırılan zərbəni təxirə salmağı xahiş ediblər.
ABŞ Prezidentinin sözlərinə görə, adıçəkilən liderlər hazırda Tehranla ciddi danışıqlar aparıldığını və İranın nüvə silahından imtina etməsini nəzərdə tutan razılaşmanın əldə olunacağına inandıqlarını bildiriblər.
“Bu saziş ABŞ, Yaxın Şərq ölkələri və regiondan kənardakı dövlətlər üçün məqbul olacaq”, – deyə Donald Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Vaşinqtonu qane edən razılaşma əldə olunmasa, ABŞ İrana qarşı hücumları yenidən bərpa edəcək.