
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə mühüm dəyişikliklər edilib.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı yaranan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı qorunması məqsədilə hazırlanıb.
Qanuna əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilib, mövcud anlayışlar yenilənib və Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin olunub.
Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanları şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək. Borc tam ödənildikdən sonra isə həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə veriləcək.
Yeni dəyişikliklərə əsasən, digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə üç iş günü ərzində məlumat verilməsi, həmçinin gömrük baxışı və yoxlamalarının daha ətraflı hüquqi tənzimlənməsi nəzərdə tutulur.
Bundan əlavə, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi ləğv edilir, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron qaydada dərc olunması təmin edilir.
Qanunda həmçinin "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsi, malların gömrük dəyərinin milli valyuta ilə bəyan olunması, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsi, eləcə də "Yaşıl Dəhliz" sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsi öz əksini tapıb.
Prezident İlham Əliyev yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə müvafiq fərman da imzalayıb.