
Azərbaycan Respublikasında bazarlarda rəqabət mühitinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.
Realmedia.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası" və "Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası" təsdiq olunub.
Yeni qaydalara görə, müvafiq bazarda təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi məqsədilə ilk növbədə həmin bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar payları hesablanacaq.
Sənəddə qeyd olunub ki, bazarın təmərküzləşmə səviyyəsi Herfindal-Hirşman İndeksi (HHİ) əsasında qiymətləndiriləcək. Bu indeks 0 ilə 10 000 arasında dəyişir.
Belə ki:
- HHİ göstəricisi 0-1 500 arasında olduqda bazarda təmərküzləşmə aşağı səviyyədə hesab edilir;
- 1 500-2 500 arasında olduqda orta səviyyəli təmərküzləşmə mövcud sayılır;
- 2 500-dən yuxarı olduqda isə bazarda yüksək təmərküzləşmə olduğu qəbul edilir.
Bununla yanaşı, HHİ göstəricisinin 1 500-dən aşağı olması rəqabətli bazar strukturunu, 10 000-ə bərabər olması isə tam inhisar bazarını ifadə edir.
Qərara əsasən, rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi qaydaları bazar subyektlərinin təqdim etdiyi ərizələrə baxılması, həmçinin razılıq alınması tələb olunduğu halda məlumat verilmədən həyata keçirilmiş təmərküzləşmələrin araşdırılması və onlara nəzarət tədbirlərinin görülməsi zamanı tətbiq ediləcək.