
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu işə başlayıb.
Realmedia.info xəbər verir ki, forum çərçivəsində rəqabət siyasətinin formalaşdırılması, bu sahədə təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur.
Tədbirin açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan çıxış ediblər.
Forumun panel müzakirələrində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edərək rəqabət mühitinin inkişafı və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Daha sonra TDT ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışları nəzərdə tutulub.
İclasın sonunda iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafına dair Birgə Kommünikenin imzalanması planlaşdırılır.