
Azərbaycan Respublikasında hava limanlarının (aeroportların) idarə edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, “Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası” ölkədə hava limanlarının idarə olunması ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Sənəd mülki hava limanlarına şamil olunur.
Yeni qaydalara əsasən, hava limanlarının idarə edilməsi təhlükəsizliyin təmin olunması, müştəri məmnunluğu, iqtisadi səmərəlilik, dayanıqlı inkişaf, xidmətlərin əlçatanlığı, ətraf mühitin qorunması, rəqabət mühitinin yaradılması və özəl sektorun iştirakının təşviqi prinsipləri əsasında həyata keçiriləcək.
Qaydaya əsasən, mülki hava limanlarının idarə edilməsində tənzimləyici qurum funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.
Agentlik tərəfindən sertifikatlaşdırma, yoxlamalar və beynəlxalq standartların tətbiqinə nəzarət ediləcək. Hava limanı istismarçıları isə təhlükəsizlik tədbirləri, keyfiyyətli xidmətlərin göstərilməsi, infrastrukturun inkişafı və fövqəladə hallarda risklərin idarə olunması istiqamətində fəaliyyət göstərəcəklər.
Sənədə görə, hava limanları mülkiyyət növünə uyğun olaraq dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət əsasında idarə edilə bilər. Dövlət mülkiyyətində olan aeroportların idarəetməyə dövlət-özəl tərəfdaşlığı çərçivəsində verilməsi də mümkündür.
Bundan əlavə, hava limanı infrastrukturunun maliyyələşdirilməsi dövlət büdcəsi, istismarçıların daxili vəsaitləri, kreditlər, qrantlar və digər qanuni mənbələr hesabına həyata keçiriləcək.
Qaydalarda həmçinin hava limanlarında aviasiya və qeyri-aviasiya fəaliyyətlərinin istiqamətləri müəyyənləşdirilib. Buraya kommersiya daşımaları, yerüstü xidmətlər, təhlükəsizlik yoxlamaları ilə yanaşı, ticarət obyektləri, iaşə xidmətləri, dayanacaqlar, otel və konfrans zallarının fəaliyyəti də daxildir.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.