
ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üçün ixtisaslaşmış materiallar istehsal edən yeganə türk mühəndis, "Integrated Polymer Industries" şirkətinin qurucusu, "B-2" bombardmançı təyyarələrinin görünməzlik örtüyünün müəllifi Ergün Kırlıkovalı amerikalı yazıçı və Nyu-York Universitetinin professoru Nassim Nikolas Talebə açıq məktub ünvanlayıb.
Realmedia.info xəbər verir ki, məktubda Talebin Azərbaycanda həbsdə olan Ruben Vardanyanı müdafiə edən açıqlamalarına sərt etiraz ifadə olunub.
Ergün Kırlıkovalı bildirib ki, Ruben Vardanyanın beynəlxalq aləmdə formalaşdırılmış "xeyriyyəçi" imici reallığı əks etdirmir və bu obraz onun maliyyə fəaliyyəti ilə bağlı iddiaların kölgədə qalmasına xidmət edib.
Məktubda qeyd olunub ki, Vardanyanın adı beynəlxalq mediada "Troika Laundromat" kimi tanınan çirkli pulların yuyulması sxemi ilə əlaqələndirilib. Müəllif iddia edir ki, bu maliyyə şəbəkəsi vasitəsilə ofşor şirkətlər və mürəkkəb maliyyə mexanizmlərindən istifadə olunaraq milyardlarla dolların qanunsuz dövriyyəsi həyata keçirilib.
Açıq məktubda həmçinin Vardanyanın Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda müxtəlif beynəlxalq monitorinq siyahılarında yer aldığı, Qarabağa gəlişinin isə bölgədə siyasi gərginliyi artırdığı vurğulanıb.
Müəllif Talebi bütün faktlara obyektiv yanaşmağa çağıraraq, Azərbaycanın uzun illər işğal və müharibədən əziyyət çəkdiyini, bir milyona yaxın azərbaycanlının məcburi köçkün həyatı yaşadığını və Xocalı soyqırımının qurbanlarının da unudulmamalı olduğunu qeyd edib.
Ergün Kırlıkovalı məktubunun sonunda bildirib ki, əsl humanizm münaqişələrdən qazanc əldə edən şəxslərin deyil, müharibə və işğaldan zərər çəkmiş insanların hüquqlarının müdafiəsini tələb edir. O, Nassim Nikolas Talebi Ruben Vardanyanla bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.