
Dənizkənarı Bulvar İdarəsində külli miqdarda mənimsəmə və digər ağır cinayətlərdə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Realmedia.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bulvar ərazisində fəaliyyət göstərən sərnişin gəmilərinə nəzarət etmiş və bilet satışı ilə məşğul olmuş şahid Ağababa Babayev ifadə verib.
Şahid bildirib ki, 2017–2023-cü illərdə bu sahədə çalışıb. Onun sözlərinə görə, 2017-ci ildə biletlər əl ilə satılsa da, 2018-ci ildən etibarən satış yalnız kassa sistemi vasitəsilə həyata keçirilib və kassadan kənar bilet satışı mümkün olmayıb.
Ağababa Babayev qeyd edib ki, 350 nəfərlik "Mirvari" gəmisi əsasən yay mövsümündə, 60 nəfərlik "Şəfəq" gəmisi isə qış aylarında fəaliyyət göstərib. O bildirib ki, pandemiyaya qədər biletin qiyməti 3 manat, COVID-19-dan sonra isə 5 manat olub. Şahid həmçinin pandemiya dövründə sərnişin gəmilərinin fəaliyyət göstərmədiyini deyib.
Lakin məhkəmə iclasında təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadələr arasında ciddi ziddiyyətlərin olduğunu diqqətə çatdırıb. Vəkilin sözlərinə görə, istintaq materiallarında COVID-19 pandemiyası dövründə səyahət gəmilərinin 80 min sərnişin daşıdığı göstərilib.
Bundan əlavə, vəkil xatırladıb ki, şahid istintaqa verdiyi ifadələrin birində "Şəfəq" gəmisinin minimum 30, "Mirvari" gəmisinin isə ən azı 100 sərnişin toplandıqdan sonra hərəkət etdiyini bildirib. Şahid isə məhkəmədə cavab verərək qeyd edib ki, bəzi sərnişinlər tələb olunan say tamamlanana qədər gözləyir, digərləri isə gözləmədən ərazini tərk edirdilər.
Məhkəmədə daha bir maraqlı məqam Dövlət Dəniz və Liman Agentliyinin təqdim etdiyi məlumatlarla bağlı olub. Müdafiə tərəfi bildirib ki, agentlik istintaqa təqdim etdiyi məlumatlarda bəzi gəmilərin gecə saat 1, 2, 4 və 5 radələrində reyslər həyata keçirdiyini, hətta 60 nəfərlik tutuma malik gəmidə 430 sərnişinin daşındığını göstərib. Vəkil bu rəqəmlərlə bağlı ziddiyyətlərə diqqət çəkib.
Hakim Leyla Əsgərova-Məmmədova isə həmin məsələlərin məhkəmə baxışının sənədlərin tədqiqi mərhələsində qiymətləndiriləcəyini bildirib.
Məhkəmə prosesinin növbəti iclası sentyabrın 16-na təyin edilib.
Qeyd edək ki, cinayət işi Hesablama Palatasının Dənizkənarı Bulvar İdarəsində apardığı yoxlamaların nəticələri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış araşdırma çərçivəsində qaldırılıb.
İttihama əsasən, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digər şəxslərlə əlbir olaraq rəsmi sənədlərə saxta məlumatlar daxil etməklə qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti, gəmi gəzintiləri və digər sahələrdən əldə olunan 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.
Bundan başqa, İlqar Mustafayevin 1,8 milyon manatdan artıq vergini ödəməkdən yayındığı, eləcə də 10 milyon manatdan çox vəsaiti müxtəlif əmlakların alınması yolu ilə leqallaşdırdığı iddia edilir.
Hazırda İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən şəxslər isə polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə azadlıqdadır. İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə 11 milyon manatdan artıq dəyəri olan əmlakın üzərinə həbs qoyulub.