
Almaniyanın Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanaraq zərərsizləşdirilib.
Realmedia.info xəbər verir ki, bu barədə Almaniyanın "Leipziger Volkszeitung" nəşri məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğu hava limanının cənub uçuş-enmə zolağının yaxınlığında nəzarətli şəkildə məhv edilib. Hadisədən sonra ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
İstintaq orqanlarındakı mənbələrin bildirdiyinə görə, pilotsuz uçuş aparatında aşkarlanan maddə nitrat testindən müsbət nəticə verib. Mütəxəssislərin ilkin qənaətinə əsasən, dronun içərisində təxminən 800 qram partlayıcı maddə olub. Nitratlar isə "Semtex" tipli plastik partlayıcının əsas komponentlərindən biri hesab edilir.
Qeyd edək ki, "Semtex" Çexiya istehsalı olan yüksək təsir gücünə malik plastik partlayıcı maddədir və ötən əsrin 70-80-ci illərində bir sıra terror aktlarında istifadə olunub.
NATO da Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasını təsdiqləyib. Alyans nümayəndəsinin sözlərinə görə, aerodromda "An" tipli Ukrayna yük təyyarəsinin yaxınlığında detonator və şübhəli paket daşıyan dron müəyyən edilib.
Federal polis xüsusi robot vasitəsilə pilotsuz uçuş aparatını təhlükəsiz şəkildə zərərsizləşdirib. Hazırda dronu idarə edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bununla yanaşı, Leypsiq/Halle hava limanından təxminən 6 kilometr məsafədə daha bir yük təyyarəsinin 400 metr hündürlükdə naməlum obyektlə toqquşduğu bildirilib. Almaniyanın Aşağı Saksoniya polisi hadisəni dövlət təhlükəsizliyinə təhdid yaradan mümkün cinayət kimi qiymətləndirir və təxribat ehtimalını araşdırır.
Qeyd olunur ki, Leypsiq/Halle hava limanı Qərb ölkələrindən Ukraynaya göndərilən hərbi və humanitar yüklərin əsas tranzit mərkəzlərindən biri hesab edilir. Almaniya Hava Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, təkcə bu ilin ilk altı ayında ölkənin hava limanları üzərində naməlum pilotsuz uçuş aparatlarının müşahidə olunması səbəbindən 145 hava hərəkəti məhdudiyyəti qeydə alınıb.