
Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.
Realmedia.info xəbər verir ki, təqdimat mərasimlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı imzaladığı sərəncamları elan edib.
Ceyhun Cəlilov dövlət başçısının yeni rəhbərlərə ünvanladığı tapşırıq və tövsiyələri tədbir iştirakçılarının diqqətinə çatdıraraq, onların fəaliyyətində dövlət maraqlarının və vətəndaş məmnunluğunun əsas prioritet olmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Onlar Prezident tərəfindən qarşıya qoyulan vəzifələri vaxtında və layiqincə yerinə yetirmək, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması və dövlət siyasətinin uğurla icrası istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.





