
Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluq əməlində təqsirləndirilən Cəsur Cəbiyev (soyadı şərtidir) və yetkinlik yaşına çatmayan E. İsgəndərov barəsində cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Realmedia.info xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.
Məhkəmənin hökmünə əsasən, Cəsur Cəbiyev 9 il 6 ay, E. İsgəndərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində baş verib. Təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq kənddə tənha yaşayan qonşuları Rafiq Bədəlovun (soyadı şərtidir) evinə basqın etmək barədə razılığa gəliblər.
Məlumata görə, onlar gecə saat 00:30 radələrində kəndə gələrək təxminən bir saat ərzində evin ətrafında müşahidə aparıblar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra fərdi yaşayış evinə qanunsuz daxil olublar.
Onlar əvvəlcə yataq otağında zərərçəkmişə məxsus şalvarın cibindən 493 manat pul götürüblər. Daha sonra evdə əlavə pul və qızıl-zinət əşyaları axtarmağa başlayıblar. Səs-küyə oyanan ev sahibi mətbəxdə işığı yandırarkən təqsirləndirilən şəxslər ona hücum ediblər.
İş materiallarına əsasən, E. İsgəndərov üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək zərərçəkmişi öldürməklə hədələyib. Onlar birlikdə ev sahibindən 20 min manat pul tələb etsələr də, Rafiq Bədəlov təqaüdçü olduğunu və belə məbləğdə pulunun olmadığını bildirib.
Pul tapa bilməyən şəxslər zərərçəkmişə məxsus 190 manat dəyərində "Philips Xenium" markalı mobil telefonu və 45 manat dəyərində açarları talayaraq hadisə yerindən uzaqlaşıblar.
İstintaq zamanı toplanmış sübutlar əsasında onların əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq edilməklə törədilmiş quldurluq kimi qiymətləndirilib. Məhkəmə təqdim olunan sübutları kifayət hesab edərək hər iki təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıb.