
İkinci ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə göstərərək 400 bal toplayan Paşa İsbəndiyarlı uğur qazanmasının əsas səbəblərindən danışıb.
Gənc abituriyent bildirib ki, yüksək nəticə əldə etmək üçün yalnız uzun saatlar dərs oxumaq kifayət etmir. Onun sözlərinə görə, əsas amil vaxtın düzgün planlaşdırılması və hazırlıq prosesinin sistemli şəkildə qurulmasıdır.
"Uğurumun sirri dərslərə düzgün vaxt ayırmaq, günü planlı şəkildə bölməkdir. Məktəbə, hazırlıq kurslarına və fərdi dərslərə ayrılan vaxt balanslı olmalıdır. Məncə, əsas məsələ çox oxumaq deyil, ardıcıl və sistemli şəkildə çalışmaqdır", – deyə Paşa İsbəndiyarlı bildirib.
O vurğulayıb ki, qəbul imtahanına hazırlaşan abituriyentlər sosial həyatdan tamamilə uzaqlaşmamalıdırlar. Onun fikrincə, dostlarla ünsiyyətə, istirahətə və sosial mediadan istifadəyə də müəyyən qədər vaxt ayırmaq mümkündür. Əsas şərt isə bunların dərs prosesinə mənfi təsir göstərməməsidir.
Paşa İsbəndiyarlı qeyd edib ki, hər gün eyni saatlarda dərs oxumayıb. Bəzi günlər 5-6 saat, bəzi günlər isə 2-3 saat hazırlaşıb, hətta ümumiyyətlə dərs oxumadığı günlər də olub.
"Mən özüm 400 bal toplayacağımı gözləmirdim. Amma bu həyatda hər şey mümkündür. Əsas odur ki, insan məqsədindən dönməsin və öz üzərində davamlı işləsin", – deyə o əlavə edib.
Gələcək planlarından da danışan Paşa İsbəndiyarlı maliyyə ixtisasını seçdiyini bildirib. O, Bakı Ali Neft Məktəbində təhsil almağı arzuladığını, gələcəkdə isə ali təhsilini xarici universitetlərdən birində davam etdirməyi hədəflədiyini söyləyib.
Paşa İsbəndiyarlının uğur hekayəsi bir daha göstərir ki, planlı hazırlıq, düzgün zaman idarəçiliyi və davamlı zəhmət yüksək nəticəyə aparan əsas amillərdəndir.