
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarının blokadası ilə bağlı rəsmi açıqlama yayıb.
Realmedia.info xəbər verir ki, qurumun “X” platformasında paylaşdığı məlumata görə, əməliyyata 10 mindən çox amerikalı hərbi qulluqçu cəlb olunub.
Bildirilib ki, blokada missiyasında ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçiləri, dəniz piyadaları və hərbi pilotlar iştirak edir. Onlar İran limanlarına daxil olan və limanlardan çıxan gəmilərə nəzarət edərək blokadanın icrasını təmin edirlər.
Məlumata əsasən, əməliyyata onlarla ABŞ hərbi gəmisi və təyyarəsi də cəlb edilib. CENTCOM-un açıqlamasında qeyd olunub ki, son 24 saat ərzində heç bir gəmi blokadanı yararaq Fars və Oman körfəzlərində yerləşən limanlara daxil ola bilməyib.
Qeyd edək ki, blokada Donald Trump tərəfindən imzalanan fərmana əsasən aprelin 13-dən qüvvəyə minib. Qərar İranın Fars körfəzi və Oman körfəzi ətrafında yerləşən bütün liman və sahil bölgələrini əhatə edir.