
Bakıda yerləşən özəl "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə keçirilən məhkəmə prosesinin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib.
Realmedia.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə bu qərar tərəflərin vəsatətləri əsasında verilib.
Məlumata görə, zərərçəkən tərəf sosial şəbəkələrdə yayılan mənfi rəyləri əsas gətirərək məhkəmə iclasının qapalı keçirilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə isə bildirib ki, prosesdə azyaşlı şahidlər ifadə verəcəklər. Bundan əlavə, məhkəmə prosesi ilə bağlı xəbərlərin yayılmasından sonra təqsirləndirilən şəxsin və ailəsinin ünvanına sosial şəbəkələrdə təhqiramiz rəylərin yazıldığını qeyd edərək, iclasın qapalı keçirilməsini xahiş edib.
Məhkəmə təqdim olunan vəsatətləri təmin edərək prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsi və iştirakçıların sərbəst ifadə verməsinin təmin olunması məqsədilə məhkəmənin müəyyən hissələri qapalı keçiriləcək.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib. İstintaqın məlumatına görə, şagird odlu silahdan atəş açaraq müəllimə xəsarət yetirib. Hadisədən sonra şübhəli şəxs saxlanılıb və fevralın 7-də məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham irəli sürülüb.