
İspaniya milli komandasının və İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mark Kukurella səmimi açıqlaması ilə futbolsevərləri duyğulandırıb.
Tanınmış futbolçu verdiyi müsahibədə uzun saç saxlamasının səbəbi barədə danışarkən bunun ailəsi ilə bağlı xüsusi məna daşıdığını bildirib. O qeyd edib ki, autizm diaqnozu qoyulan oğluna dəstək olmaq və ona mənəvi güc vermək üçün saçlarını uzatmağa qərar verib.
Kukurella açıqlamasında həyatının ən böyük arzusunun oğlunun sağlam olması olduğunu vurğulayaraq belə deyib:
"Autizmli bir oğlum var. Kaş heç pulum olmayaydı, təki oğlum sağlam olaydı."
Futbolçunun bu sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Minlərlə istifadəçi onun səmimiyyətini yüksək qiymətləndirərək ailəsinə dəstək və xoş arzularını ifadə edib.
Mark Kukurellanın açıqlaması bir daha göstərir ki, peşəkar idmançıların qazandıqları uğurların arxasında bəzən böyük şəxsi sınaqlar və emosional mübarizələr dayanır. Onun övladına olan sevgisi və ata qayğısı futbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.