
İran ABŞ ilə davam edən gərginlik fonunda Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Realmedia.info xəbər verir ki, İranın hərbi qurumlarının yaydığı məlumatda ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyektin raket və pilotsuz uçuş aparatları ilə hədəfə alındığı iddia olunur. İran tərəfi hücumların ABŞ-ın son hərbi əməliyyatlarına cavab xarakteri daşıdığını bildirib.
Məlumata görə, hədəflər sırasında Camp Al Adiri (Udairi) hərbi düşərgəsi, Ali Al Salem aviabazası və ABŞ qüvvələrinin istifadə etdiyi digər hərbi infrastruktur obyektləri yer alıb. İran tərəfi bəzi radar sistemləri, sursat anbarları və hərbi avadanlıqların vurulduğunu iddia edir.
ABŞ və Küveyt rəsmiləri isə İranın irəli sürdüyü bütün iddiaları hələlik tam şəkildə təsdiqləməyiblər. Müstəqil mənbələr zərbələrin miqyası və vurduğu ziyan barədə fərqli məlumatlar yayımlayır.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi qarşıdurma daha da kəskinləşib. Regionda baş verən qarşılıqlı zərbələr Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığı artırıb, beynəlxalq ictimaiyyət isə tərəfləri gərginliyin daha da dərinləşməsinin qarşısını almağa çağırır.