
Tehran şəhərində bir neçə polis məntəqəsi və nəzarət postuna silsilə hücumlar həyata keçirilib. Hadisə nəticəsində azı 10 təhlükəsizlik əməkdaşının öldüyü bildirilir.
Realmedia.info xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücumlar paytaxtın müxtəlif rayonlarında yerləşən polis postlarını hədəf alıb. Hadisə zamanı bir neçə ərazidə partlayış və atışma səslərinin eşidildiyi qeyd olunur.
İran mediasının məlumatına əsasən, hücum nəticəsində polis və təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub, bəzi ərazilərdə isə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bildirilir ki, hücumların xarakteri diversiya və terror aktı kimi qiymətləndirilir. Rəsmi mənbələr hadisənin arxasında xarici kəşfiyyat xidmətlərinin, o cümlədən Mossadın ola biləcəyini iddia edir.
Hadisədən sonra şəhərin bir sıra bölgələrində təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimə keçib, hücumların təşkilatçılarını müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində təhlükəsizlik obyektlərinə qarşı hücumların artdığı barədə məlumatlar yayılır.