
Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Bibiheybət məscid-ziyarətgah kompleksinin rəhbəri və imamı Rahib Babayevin diplomunun tanınması ilə bağlı qaldırdığı iddia məhkəmə tərəfindən təmin olunmayıb.
Realmedia.info xəbər verir ki, məhkəmə araşdırması zamanı Rahib Babayevin 1992–1997-ci illərdə təhsil aldığı Bakı İslam İnstitutunun həmin dövrdə lisenziyasız fəaliyyət göstərdiyi əsas gətirilib.
İddiaçı məhkəməyə müraciət edərək bildirib ki, Bakı İslam İnstitutunun 2009-cu ildən əvvəl lisenziya almaması həmin dövrdə fəaliyyətinin qanunsuz hesab edilməsi üçün əsas deyil. O, təhsil aldığı müəssisənin hüquqi statusunun nəzərə alınmasını istəyib.
Elm və Təhsil Nazirliyi isə məhkəməyə təqdim etdiyi mövqedə qeyd edib ki, diplomun tanınması üçün yalnız təhsil müəssisəsinin dövlət qeydiyyatından keçməsi kifayət etmir. Bildirilib ki, həmin ali təhsil müəssisəsində tələbə qəbulu daxili müsabiqə əsasında aparılıb, ixtisaslar və qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib, tədris proqramları və buraxılış attestasiya komissiyaları Təhsil Nazirliyi ilə razılaşdırılmayıb. Həmçinin universitetin uzun müddət lisenziyasız fəaliyyət göstərdiyi, akkreditasiyadan keçmədiyi və regionlarda qanunsuz şöbələr yaratdığı vurğulanıb.
Məhkəmə təqdim olunan dəlilləri araşdıraraq Rahib Babayevin iddiasını təmin etməyib. Eyni zamanda, onun dövlət nümunəli diplom blankının üçüncü şəxsə göndərilməsi ilə bağlı tələbi də təmin olunmayıb.