
Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra bölgələrində müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata görə, mövcud hava şəraiti nəzərə alınaraq sarı və narıncı xəbərdarlıq qüvvədədir.
Qurum sürücülərə, xüsusilə qoşqulu və yük avtomobillərini idarə edən şəxslərə daha diqqətli olmağı tövsiyə edib. Bildirilib ki, daşınan yüklərin etibarlı şəkildə bərkidilməsi, müəyyən olunmuş sürət həddinə və təhlükəsizlik məsafəsinə riayət olunması vacibdir.
Bununla yanaşı, sürücülərə ağacların, reklam lövhələrinin və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında avtomobillərini saxlamamaq tövsiyə olunub.
BDYPİ piyadalara da müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, küləkli hava şəraitində risk yaradan davranışlardan çəkinməyə və yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməyə çağırıb.
Qurum vətəndaşları əlverişsiz hava şəraiti davam etdiyi müddətdə daha ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə səsləyib.