
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havadakı tozun miqdarı normadan 1,4-1,7 dəfə artıq qeydə alınıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
Onun sözlərinə görə, avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlar Bakıda və Abşeron yarımadasında tozlu hava şəraitinin müşahidə edildiyini göstərir.
Gülnarə Abbasova bildirib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakter daşıyır. Buna səbəb səhər saatlarından etibarən əsən güclü şimal-qərb küləyinin yer səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.
Rəsmi məlumata əsasən, tozlu hava şəraitinin sinoptik vəziyyətlə əlaqədar sabah günorta saatlarınadək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, səhər saatlarından etibarən Bakının Qaradağ rayonu, xüsusilə Qobustan qəsəbəsindən paytaxt istiqamətində güclü tozlu külək müşahidə olunub. Nəticədə avtomobil yollarında görünüş məsafəsi əhəmiyyətli dərəcədə azalıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də ölkə ərazisində güclü külək əsəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi.