
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı azyaşlı xəsarət alıb.
Realmedia.info xəbər verir ki, "Trend"in yaydığı məlumata əsasən, hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30 radələrində 2013-cü il təvəllüdlü oğlan uşağı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, uşağa sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Ona Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında və sayğaclarda yaranan alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.