
Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasına dair məlumatların təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, xarici ticarətin gömrük statistikasının məlumatları bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq.
Hazırda sözügedən məlumatlar Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Prezidentə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilir.
Yeni dəyişikliklə bu siyahıya Kənd Təsərrüfatı Nazirliyi də əlavə olunub.
Qərarın xarici ticarət dövriyyəsi, kənd təsərrüfatı məhsullarının idxalı və ixracı ilə bağlı statistik məlumatların aidiyyəti dövlət qurumu tərəfindən daha operativ şəkildə əldə edilməsinə və təhlil olunmasına imkan verəcəyi gözlənilir.
Realmedia.info