
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində yerləşən “Əcəmi seyrangahı” istirahət kompleksində böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər.
Realmedia.info xəbər verir ki, “Əcəmi seyrangahı”ndan hazırlanan reportajda abidə kompleksinin böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradıldığı bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və onun abidəsinin ucaldılması barədə Sərəncam imzalayıb.
Abidə kompleksi Naxçıvanın memarlıq tarixində mühüm iz qoymuş Əcəmi Naxçıvaninin yaradıcılıq irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovdur.
Heykəlin hündürlüyü 270 santimetr, postamentin hündürlüyü 90 santimetr, abidənin ümumi hündürlüyü isə 385 santimetr təşkil edir. Bürüncdən hazırlanan heykəl qranit postament üzərində yerləşdirilib.
Kompleksin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb və istirahət məkanının ətrafı müasir şəhərsalma tələblərinə uyğun şəkildə yenilənib.
Əcəmi Naxçıvani Azərbaycan memarlıq tarixinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayan böyük sənətkar kimi tarixdə özünəməxsus yer tutur.