
Gəncədə restoranda baş verən qətl hadisəsi ilə bağlı 7 nəfər inzibati qaydada həbs olunub.
Realmedia.info xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən zaman iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələri olub.
Məlumata görə, qətl hadisəsindən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan şəxsləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəb olmadan ifadə verməkdən boyun qaçırıb və polisin qanuni tələbinə məhəl qoymayıblar.
Bundan sonra həmin gün “Günəş” restoranında doğum günü qeyd edən 24 yaşlı şəxs, eləcə də onunla birlikdə məclisə gələn 26, 23, 31, 21 və iki 28 yaşlı dostu saxlanılaraq polis şöbəsinə aparılıb. Onların hər biri barəsində müvafiq protokollar tərtib edilib.
Saxlanılan şəxslər hadisə zamanı sərxoş olduqlarını bildiriblər. Onlar həmçinin əməllərindən peşman olduqlarını deyərək barələrində daha yüngül cəza tətbiq edilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə doğum günü sahibi 25 gün, onun 23 yaşlı dostu 5 gün, digər 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Günəş” restoranında baş verib.
İlkin məlumata əsasən, ad günü məclisinə toplaşan şəxslərlə yan otaqda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov bıçaq xəsarətləri alaraq ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.