
Balakən rayonunda dörd nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Realmedia.info xəbər verir ki, hadisə zamanı “Hyundai”, “Toyota” və “KIA” markalı avtomobillər toqquşub.
Məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Məryəm Kamil qızı Hoorsova banklardan birinin Balakən rayon şöbəsində məsul əməkdaş kimi çalışıb. O, hadisə zamanı Katex kəndindən rayon mərkəzinə, iş yerinə gedirmiş.
Bildirilir ki, Məryəm Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu, onun ilk avtomobili olub.
Yolda hərəkətdə olarkən o, yol kənarında marşrut avtobusu gözləyən həmkəndlisi, 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Avtomobili saxlayan sürücü fiziki məhdudiyyətli Şərif Soltanovu da maşına götürərək rayon istiqamətində hərəkətini davam etdirib.
İlkin məlumata görə, Məryəm Hoorsova yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən gələn “Toyota” markalı avtomobillə toqquşub. Ardınca “KIA” markalı avtomobil də qəza nəticəsində toqquşan nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində “Hyundai”nin sürücüsü Məryəm Hoorsova, “Toyota” markalı avtomobilin sərnişinləri – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində həyatlarını itiriblər.
“Toyota”nın sürücüsü, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov, eləcə də “Hyundai”də olan Şərif Soltanov müxtəlif xəsarətlər alıblar. Yaşar Mütəllibov isə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, “Toyota”da olan Yaşar Mütəllibov və Pərvanə Məmmədova ər-arvad olublar. Rəşad Mütəllibov isə onların oğlu olub.
Ailənin Balakəndən Goranboy rayonuna qohumlarına toy dəvətnaməsi aparmaq üçün yola çıxdığı bildirilir. Qəza zamanı həyatını itirən Rəşad Mütəllibovun avqustun 28-də toy mərasimi keçiriləcəkmiş.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.