
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin başvermə səbəbi ilə bağlı ilkin ehtimallar açıqlanıb.
RealMedia.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 2-si saat 23:00 radələrində Ələt-Astara avtomobil yolunun 90-cı kilometrliyində, Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ağır qəza baş verib. Ələddin Babayevin idarə etdiyi "Ford Transit" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, Kəramət Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə "Ford Transit"in sürücüsü Ələddin Babayev hadisə yerində həyatını itirib.
Dövlət Yol Polisi qeyd edib ki, eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin bu formada toqquşması adətən sürücünün yorğun, yuxusuz olması və ya diqqətinin yayınması ilə əlaqədar baş verir. İlkin ehtimala görə, sözügedən hadisədə sürücünün sükan arxasında yuxulaması qəzanın əsas səbəblərindən biri ola bilər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyə çağırıb. Qurum bildirib ki, sürücülərin məsuliyyətli davranışı həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.