
Azərbaycanda internet informasiya ehtiyatlarının sahibləri və digər rəqəmsal infrastruktur subyektləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyənləşdirilib.
Realmedia.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, qanunvericiliyə informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə olunur.
Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri də müəyyən edilir. Eyni zamanda kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət mexanizmləri təsbit olunur.
Sənədlə informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsi və rəqəmsal tədqiqatların həyata keçirilməsi ilə bağlı yeni müddəalar müəyyənləşdirilir.
Bundan başqa, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və yeni rəqəmsal həllərin sınaqdan keçirilməsi üçün tənzimləyici test mühitinin tətbiqi nəzərdə tutulur.
Yeni qaydalara əsasən, informasiya infrastrukturu subyektləri, internet və host provayderləri, eləcə də internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində əlavə öhdəliklər müəyyən edilir. Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri də genişləndirilir.
Prezident İlham Əliyevin qanunun icrası ilə bağlı imzaladığı fərmana əsasən, Nazirlər Kabineti tənzimləyici test mühitinin həyata keçirilməsi qaydalarına dair təkliflərini, o cümlədən bu mühitdə iştirak edən şəxslərin fəaliyyətinə nəzarət, onun maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydalarını bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Həmçinin dövlət orqanlarına məxsus, eləcə də mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi qaydalarına dair təkliflərin üç ay müddətində hazırlanması nəzərdə tutulub.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb, Mərkəzi Banka isə tövsiyə edilib ki, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin CERT və SOC reyestrinə daxil edilməsi ilə bağlı bir il müddətində tədbirlər görsünlər.
Realmedia.info