
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Realmedia.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında iş üzrə hökm elan olunub.
Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən məhkəmə araşdırmasının yekununda Nadir Muradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) ilə irəli sürülmüş ittihamın məhkəmə istintaqı zamanı toplanmış dəlil və sübutlar, eləcə də şahid ifadələri ilə təsdiqini tapdığı qənaətinə gəlinib.
Hökmə əsasən, Nadir Muradov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Nadir Muradov ötən ilin avqust ayından həbsdə olduğundan cəzasının təxminən 6 ay müddəti qalıb.
Qaradağ RİH-də keçirilən əməliyyat
Qeyd edək ki, ötən ilin noyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı bir neçə vəzifəli şəxs, o cümlədən uzun müddət Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Nadir Muradov saxlanılaraq həbs edilib.
Hadisədən qısa müddət sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da tutduğu vəzifədən azad olunub.