
Azərbaycanın Rusiya və Ukrayna ilə paralel şəkildə əlaqələrini inkişaf etdirməsi ölkənin müasir geosiyasi reallıqlar şəraitində həyata keçirdiyi çevik və praqmatik diplomatik kursun mühüm nümunəsi kimi qiymətləndirilir.
Realmedia.info xəbər verir ki, siyasi şərhçi Rəşad Bayramov bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycanın xarici siyasətində balanslı yanaşmanın əhəmiyyətindən danışıb.
Ekspert xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərindən sonra Ukraynaya səfər etməsini Azərbaycanın regional və beynəlxalq proseslərdə balanslı mövqeyini nümayiş etdirən mühüm diplomatik addım kimi dəyərləndirib.
Rəşad Bayramov bildirib ki, Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında qurması rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biridir.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında zaman-zaman müəyyən fikir ayrılıqları və gərginliklər meydana çıxsa da, iki ölkə arasında qonşuluq və dostluq münasibətləri uzunmüddətli siyasi, iqtisadi və humanitar əlaqələrə əsaslanır.
Ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq mövcuddur. Moskva ilə siyasi dialoqun davam etdirilməsi isə regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Rəşad Bayramov eyni zamanda Azərbaycanın Ukrayna ilə münasibətlərinin də müstəqil şəkildə inkişaf etdirildiyini vurğulayıb.
Onun fikrincə, Azərbaycan xarici siyasətində milli maraqları əsas götürərək müxtəlif dövlətlərlə, o cümlədən Ukrayna ilə siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına xüsusi önəm verir.
Ekspert Azərbaycanın Ukraynanın ərazi bütövlüyü prinsipinə beynəlxalq hüquq çərçivəsində yanaşdığını dəfələrlə bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, enerji, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın mövcudluğu Azərbaycan-Ukrayna münasibətlərinin regional proseslərdən asılı olmayaraq inkişaf etdirildiyini göstərir.
“Azərbaycan tərəflərlə birbaşa təmas kanallarını qoruyur”
Rəşad Bayramovun sözlərinə görə, Azərbaycanın Rusiya-Ukrayna müharibəsi fonunda tutduğu mövqe də balanslı diplomatik yanaşmanın göstəricisidir.
“Bakı bir tərəfdən müxtəlif beynəlxalq platformalarda sülh və dialoqun vacibliyini vurğulayır, digər tərəfdən isə tərəflərlə birbaşa təmas kanallarını qoruyur. Bu, ölkəmizə həm regional təhlükəsizlik məsələlərində öz mövqeyini ifadə etməyə, həm də mümkün diplomatik təşəbbüslər üçün etibarlı tərəfdaş kimi çıxış etməyə imkan verir”, – deyə siyasi şərhçi bildirib.
Ekspert Azərbaycanın xarici siyasətində çevik yanaşmanın ölkənin geosiyasi mövqeyi ilə də əlaqəli olduğunu qeyd edib.
O bildirib ki, Cənubi Qafqazın mühüm nəqliyyat və enerji mərkəzlərindən biri olan Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır.
Rəşad Bayramov Orta Dəhliz kimi beynəlxalq nəqliyyat layihələrinin inkişafının da Azərbaycanın müxtəlif regionlarla əlaqələrinin qorunmasını və genişləndirilməsini zəruri etdiyini vurğulayıb.
“Azərbaycan tərəf seçməkdən daha çox milli maraqlarını qoruyur”
Siyasi şərhçinin fikrincə, Azərbaycanın Rusiya və Ukrayna ilə paralel dialoq aparması ölkənin müstəqil və praqmatik xarici siyasət kursunun nəticəsidir.
“Bu mövqe göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə tərəf seçməkdən daha çox milli maraqlarını qoruyaraq müxtəlif tərəflərlə qarşılıqlı faydalı əlaqələr qurmağa üstünlük verir. Müasir mürəkkəb geosiyasi şəraitdə məhz belə diplomatik çeviklik olduqca vacibdir və bu yanaşma ölkəmizin regional rolunun artmasında da əsas amil kimi çıxış edir”, – deyə Rəşad Bayramov əlavə edib.