
“Qarabağ”ın sabiq qapıçısı Fabian Buntiç Ağdam klubundan ayrılmasının səbəblərindən danışıb.
Realmedia.info xəbər verir ki, 29 yaşlı qolkiper “Futbolinfo.az”a açıqlamasında “Qarabağ”da kifayət qədər oynamaq şansı əldə etmədiyini düşündüyünü bildirib.
Buntiç qeyd edib ki, bəzi oyunlarda yaxşı çıxış etməsinə baxmayaraq, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalması onun ayrılmaq qərarına təsir edib:
“‘Qarabağ’da oynamaq şansımın olmadığını hiss edirdim. Bəzi oyunlarda yaxşı çıxış etsəm də, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdım. Məhz bu da ayrılmaq qərarını verməyimə səbəb oldu. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam”.
Azərbaycanda çıxış etdiyi dövrü də dəyərləndirən qapıçı burada yüksək səviyyəli futbol oynamağın ona böyük təcrübə qazandırdığını vurğulayıb:
“Azərbaycanda yüksəksəviyyəli futbol oynamaq mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, bu təcrübə gələcək karyeramda mütləq fayda verəcək”.
Fabian Buntiç “Qarabağ”ın avrokuboklardakı şanslarına da münasibət bildirib. O, Ağdam təmsilçisinin qarşısında çətin sınaqların dayandığını qeyd edib:
“‘Qarabağ’ın əsas məqsədi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Komandanın qarşısında güclü rəqib var və bu mərhələni keçsələr belə, növbəti raund da çətin olacaq. Bununla belə, futbolda hər şey mümkündür. ‘Qarabağ’ əvvəllər də belə çətin sınaqlardan uğurla çıxıb. Mən də onlara uğurlar arzulayıram”.
Portuqaliyanın “Farense” klubuna transferindən də danışan Buntiç yeni komandasında özünü xoşbəxt hiss etdiyini bildirib.
Qapıçı yeni çağırış axtardığını və əsas məqsədinin yenidən müntəzəm futbol oynamaq olduğunu deyib:
“Yeni bir çağırış axtarırdım. Yenidən futbol oynamaqdan zövq almaq və sevincimi geri qaytarmaq istəyirdim. ‘Farense’ bunu mənə yenidən bəxş etdi. Burada olduğum üçün çox xoşbəxtəm. Bu klubu seçməyimin əsas səbəbləri yüksək həyat keyfiyyəti və müntəzəm oynamaq imkanı idi. Mən və ailəm Portuqaliyanı çox sevirik. Qərarımda bu amil də mühüm rol oynadı”.