
Bakı şəhər sakini, 33 yaşlı Adil Rzayevin cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi başlanıb.
Realmedia.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Adil Rzayevin ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə cinayət işi açılıb.
Sözügedən maddə tibbi xidmətin göstərilməsi qaydalarının pozulmasının ölümə səbəb olması hallarını əhatə edir.
Məlumata görə, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra hadisənin daha ətraflı araşdırılmasına zərurət olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar qəbul edilib.
Xatırladaq ki, bu ilin aprel ayında Adil Rzayevin atası Ərəstun Rzayev məsələ ilə bağlı müraciət edərək oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edib.
Ərəstun Rzayev bildirib ki, oğlu Respublika Diaqnostika Mərkəzində həkim-cərrah İlqar İsmayılov tərəfindən əməliyyat olunub. Onun sözlərinə görə, əməliyyat düzgün icra edilməyib və bundan sonra oğlunun səhhətində ciddi problemlər yaranıb.
Mərhumun atası həkimin məsuliyyətə cəlb olunmasını tələb edib.
Qeyd edək ki, Adil Rzayev martın 23-də keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat edib.
Hazırda faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.