
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis tərəfindən araşdırma aparılıb.
Realmedia.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məlumatla əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Araşdırma zamanı nişan mərasiminin keçirilməsi planlaşdırılan qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.
Bununla əlaqədar polis əməkdaşları və aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən oğlan və qızın valideynləri ilə profilaktik söhbətlər aparılıb.
Valideynlərə nikah yaşına çatmayan şəxslərlə bağlı bu cür mərasimlərin keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu izah edilib.
Müvafiq qurumlar tərəfindən ailəyə qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyi bildirilib.