
Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyəti və istifadəçilərin qeydiyyatı ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur.
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsində bu məsələlər öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan ərazisində istifadəçilərə xidmət göstərən provayderlər fəaliyyət formalarına uyğun olaraq vergi uçotuna və ya dövlət qeydiyyatına alınmalıdırlar. Xarici hüquqi şəxslərin isə ölkədə filial və ya nümayəndəlik yaratması tələb olunur.
Sənəddə sosial şəbəkələrdə qeydiyyatla bağlı yaş məhdudiyyəti də nəzərdə tutulub. Belə ki, 16 yaşı tamam olmayan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Yaş məhdudiyyətinin tətbiq ediləcəyi platformaların siyahısı aidiyyəti dövlət qurumu tərəfindən müəyyən ediləcək.
Dəyişiklik layihəsində məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə inzibati məsuliyyət də nəzərdə tutulur. Məlumatların təqdim edilməməsi, gecikdirilməsi və ya təhrif olunmuş formada təqdim edilməsinə görə vəzifəli şəxslər 6-7 min manat, hüquqi şəxslər isə 15-20 min manat məbləğində cərimələnə bilərlər.
Bundan əlavə, provayderlər istifadəçilərin sosial şəbəkələrdəki fəaliyyətini təhlil etməli, yaşla bağlı şübhələr yarandıqda təkrar yoxlama aparmalıdırlar. Yaş tələblərinin pozulduğu müəyyən edilərsə, həmin hesabların fəaliyyəti dərhal məhdudlaşdırılacaq. Məhdudlaşdırılmış hesabların idarə olunması isə platformaların daxili qaydalarına uyğun həyata keçiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.